Faiq Quliyev Zurab Jvania Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli ilə görüşüb

Cari ilin 19 noyabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, qarşı tərəfin təşəbbüsü əsasında Zurab Jvania Dövlət İdarəçilik Məktəbinin direktoru xanım Ketevan Jakelini qəbul edib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı K.Jakelini salamlayan Səfir F.Quliyev, Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli münasibətlərin hər iki dövlət başçılarının müvafiq tapşırıqları əsasında artan xətt üzrə inkişaf etdiyini qeyd edib, xüsusilə təhsil sahəsi üzrə aidiyyəti dövlət qurumları arasındakı faydalı əməkdaşlıq əlaqələrinin vermiş olduğu töhfələrdən bəhs edib.
Gürcüstan vətəndaşı olan Azərbaycanlıların təhsilinə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikası tərəfindən həyata keçirilən dövlət siyasəti, təşəbbüslər, eləcə də Gürcüstanda həyata keçirilmiş sosial yönümlü infranstruktur layihələri barədə məlumat verən diplomat, tələbələrlə aparılan işin, Gürcüstanın ali təhsil müəssisələri ilə mövcud olan təmasların əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Gürcüstandakı soydaşların təhsil məsələlərinə yönəlik təşəbbüs və layihələrə dəstək verməyə hər zaman hazır olduğunu qeyd edən Səfir F.Quliyev, məlumat mübadiləsinin, qarşılıqlı səfərlərin, birgə layihələrin hazırlanması və həyata keçirilməsinin tərəflər arasında yeni əməkdaşlıq perspektivləri vəd etdiyini söyləyib.

Öz növbəsində K.Jakeli görüş imkanının yaradıldığına görə Səfir F.Quliyevə təşəkkürünü ifadə edib. Zurab Jvania Dövlət İdarəçilik Məktəbinin təhsil proqramları, həmçinin Gürcüstanın müxtəlif bölgələrində yaşayan, eləcə də yerli bələdiyyələrdə fəaliyyət göstərən dövlət qulluqçuları olan Azərbaycanlılar üçün təşkil edilən təmənnasız dövlət dili təkmilləşdirmə təlimləri, ixtisasyönümlü dil tədrisi, sertifikasiya mərhələləri və dil öyrənmə metodikasına dair tətbiq olunan müasir texlonoji yeniliklər barədə məlumat verib.

Rəhbərlik etdiyi qurumun beynəlxalq tərəfdaşlarla aidiyyəti sahələr üzrə əməkdaşlıq münasibətlərindən söz açan K.Jakeli, Səfirliyin dəstəyi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq tərəfdaş qurumla əlaqələrin möhkəmləndiriləcəyinə olan inamını ifadə edərək, Gürcüstanda birgə layihə və təşəbbüslərin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüş zamanı birgə həyata keçirilə biləcək mümkün təşəbbüs və layihələr ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti sahələr üzrə tərəflər arasında əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində əlaqələndirilmiş fəaliyyətin təşkili bir daha dəstəklənib.

Bizi WhatsApp – da izləyin.