Aygül İsayeva: Azərbaycanla-Gürcüstan dostluğunun dərin tarixi kökləri var

“Azərbaycanla-Gürcüstan dostluğunun dərin tarixi kökləri var. Bu dostluq, qardaşlıq münasibətləri tarixin sınağından dəfələrlə üzüağ çıxmışdır. Azərbaycanlılarla gürcülər əsrlər boyu mehriban qonşuluq, sülh, qarşılıqlı hörmət şəraitində yaşamışlar və bu gün də bu ənənəyə sadiqlik nümayiş etdirirlər.”

Bu sözləri RealNews-a verdiyi müsahibəsində İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva bildirib.

Daha ətraflı müsahibəni olduğu kimi təqdim edirik:

  1. Azərbaycan və Gürcüstan arasında dostluq və strateji əməkdaşlıq münasibətləri;

Azərbaycanla-Gürcüstan dostluğunun dərin tarixi kökləri var. Bu dostluq, qardaşlıq münasibətləri tarixin sınağından dəfələrlə üzüağ çıxmışdır. Azərbaycanlılarla gürcülər əsrlər boyu mehriban qonşuluq, sülh, qarşılıqlı hörmət şəraitində yaşamışlar və bu gün də bu ənənəyə sadiqlik nümayiş etdirirlər. Sevindirici haldır ki, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qədər yüksəlibdir. Bunun bariz nümunəsi beynəlxalq siyasi arenada Azərbaycanla Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsidir. Hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi birgə irimiqyaslı layihələrin həyata keçirilməsinə də zəmin yaratmışdır. Uğurlu regional əməkdaşlığın nəticəsi olaraq irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması mümkün olmuşdur.

  1. Azərbaycan Respublikasının Gürcüstanda Azərbaycanlılarının problemləri, onların həllində Azərbaycan Respublikasının mümkün rolu;

Azərbaycan dövləti Gürcüstandakı soydaşların problemlərinə hər zaman həssaslıqla yanaşıb və dəstəyini heç vaxt əsirgəməyibdir. Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, SOCAR-ın Gürcüstan nümayəndəliyi soydaşların rifahı üçün mühüm layihələr həyata keçirir. Sevindirici haldır ki, hər üç qurum layihələrin həyata keçirilməsində bir-biri ilə sıx əməkdaşlıq edir. Bu layihələrin böyük bir qismi təhsil sahəsinə yönəldilib. 2008-2009-cu tədris ilindən başlayaraq Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan soydaşlarımızın təhsil haqqı SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən ödənilir. Bu sosial vəziyyəti çətin olan ailələr üçün böyük dəstəkdir. Bu günə qədər 7000-ə yaxın gənc bu dəstəkdən yararlanıbdır. Bundan başqa, SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən soydaşların yaşadıqları bölgələrdə böyük infrastruktur layihələri, məktəblərin, uşaq bağçalarının tikintisi, eləcə də təmiri, yolların çəkilməsi və s. həyata keçirilir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi də Gürcüstanda çox önəmli, əhəmiyyətli layihələr həyata keçirir. Bu dəstək icmada canlanmaya və birliyə səbəb olmuşdur. 2018-ci ildə cənab Fuad Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edildikdən sonra ilk səfərini Gürcüstana etmiş və soydaşların yaşadıqları bölgələrdə olmuşdur. Bu səfərdən sonra icma nümayəndələrinin xahişi ilə azərbaycanlıların yaşadıqları bölgələrdə Marneulidə, Qardabanidə, Bolnisidə, Dmanisidə və paytaxt Tbilisidə təhsil mərkəzləri təsis edilmişdir. Bu günə qədər minlərlə soydaşlarımız bu mərkəzlərdə tədris edilən kurslardan təmənnasız faydalanmışdır. Alqışlanası haldır ki, bu mərkəzlər bir-biri ilə rəqabət aparmır, tam əksinə bir-biri ilə əməkdaşlıq edib, hər məsələdə bir-birlərinə dəstək olurlar. Bu mərkəzləri bir amal, məqsəd birləşdirir: icmaya xidmət etmək, cəmiyyət üçün sağlam düşünən, elmli təhsilli gənclər yetişdirmək. Gələcəkdə belə mərkəzlərin sayının artması və digər bölgələrdə də açılması gözlənilir.

Keçən ildən başlayaraq ADA Universiteti tərəfindən də Gürcüstan azərbaycanlıları üçün möhtəşəm layihə həyata keçirildi. 20 nəfər Gürcüstan azərbaycanlısı Qafqazın ən qabaqcıl universitetində Azərbaycan dövlətinin dəstəyi ilə pulsuz magistraturada təhsil almaq imkanı əldə etdi. Bu layihənin ən üstün cəhətlərindən biri də yerli problemləri nəzərə alaraq proqrama Azərbaycan dili və Ədəbiyyat fənninin daxil edilməsidir. Təlim və tədrisin metodikası və təşkili və təhsilin menecmenti ixtisasında təhsil alan tələbələrdən təhsillərini başa vurduqdan sonra təhsil sahəsidə yaşanan bir sıra problemlərin həllinə töhfə vermələri gözlənilir.

Ulu öndər Heydər Əliyev “təhsil millətin gələcəyidir” demişdir. İllərdir, Azərbaycan dövləti tərəfindən təhsil sahəsinə edilən investisiyalar Gürcüstan azərbaycanlılarının Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya etməsində, elmə, savada yiyələnmələrinə öz hüquqlarını bilmələrinə dəstək olmuşdur.

  1. II Qarabağ müharibəsi və Gürcüstan azərbaycanlıları

Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Azərbaycan xalqı sübut etdi ki, torpaqdan pay olmaz. Həm hərb meydanında, həm də diplomatiya müstəvisində Azərbaycan böyük qələbə əldə etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdi. Tarixi ədalət bərpa edildi. 44 günlük Vətən Müharibəsində Azərbaycanın əsgər və zabitləri misli görünməmiş qəhrəmanlıq nümayiş etdirdilər. 44 gün ərzində hər gün Azərbaycan ordusu irəlilədi. Bir addım da geri çəkilmədi. Azadlıq, tarixin itməyən tək dəyəridir. Azərbaycan keçmiş SSRİ məkanında ərazi bütövlüyünü bərpa edən ilk dövlət oldu. Qarabağ bütün dünya azərbaycanlılarını birləşdirdi. Azərbaycan xalqı əsl həmrəylik nümayiş etdirdi, bütün dünya azərbaycanlıları Azərbaycanın haqq işini dəstəklədi. Biz Gürcüstan azərbaycanlıları da hər zaman Azərbaycanın haqq işini dəstəkləmişik. 44 günlük Vətən Müharibəsində əslən Gürcüstandan olan 23 soydaşımız şəhidlik zirvəsinə yüksəldi. Soydaşların yaşadıqları bölgələrdə Marneulidə, Qardabanidə, Tbilisidə və s. bölgələrdə dəfələrlə Azərbaycan ordusuna dəstək aksiyaları keçirilmişdi.

  1. ⁠Azərbaycanda növbədənkənar Prezident seçkiləri;

Azərbaycan post-sovet məkanında yeganə ölkədir ki, ərazi bütövlüyünü, suverenliyini bərpa etməyə müvəffəq oldu. İşğala, təcavüzə, separatizmə son qoymaqla Qafqazın ən güclü dövlətinə çevrilən Azərbaycan həm də regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış edir. Qarabağda terrorçu xuntanın “prezident”i Arayik Harutyunyan tragikomik “prezident seçkiləri” şousu 2020-ci ildə baş tutmuşdur. Ancaq indi, tarixdə ilk dəfə olaraq, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazisində növbədənkənar Prezident seçkiləri keçiriləcək. Qarabağın əsl sakinləri öz dogma yurdlarında Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Bu həm də Qarabağın əsl sakinlərinin öz doğma yurdlarına qayıtması ilə bağlı beynəlxalq ictimaiyyətə verilən mesajdır. Seçkilərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Qarşıya qoyulan əsas məqsədlərdən biri asayişi, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qorumaqdır. Əminəm ki, Azərbaycan xalqı öz layiqli seçimini edəcək və sülhə, əmin-amanlığa, bütövlüyə, suverenliyə səs verəcək.