Qarabağda icra edilən yol layihələri ilə bağlı son vəziyyət açıqlanıb – FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayonlarında olub.
Agentlikdən bildirilib ki, S.Məmmədov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirib.
Hazırda Şuşa-Laçın avtomobil yolunda köhnə asfalt-beton örtüyün sökülməsi, yararsız qruntun qazılaraq kənarlaşdırılması, əvəzinə yararlı qruntun tökülməsi ilə torpaq işləri icra olunur. Avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən qurulur.
Daha sonra sədr Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yollarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış olub.