“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlanıb

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımaları həyata keçirilir. Çindən yola düşən 3 yük nəqliyyat vasitəsi bu gün Azərbaycana çatıb.

RealNews.ge Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, layihənin əsas məqsədi Çin – Qazaxıstan – Azərbaycan – Gürcüstan marşrutu üzrə beynəlxalq avtomobil daşımalarında sərhəddə gözləmə vaxtları, gömrük prosedurları, nəzarət və yoxlamalar, habelə mövcud nəqliyyat infrastrukturu haqqında məlumatların əldə edilməsidir.

Bu gün yük nəqliyyat vasitələrini müşayiət edən Çin nümayəndə heyəti ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirdə Çin nümayəndə heyətinə Azərbaycan ərazisindən tranzit daşımalar, yük növlərinin daşınmasına dair tələblər, yükdaşımaların tənzimlənməsi və s. barədə ətraflı məlumat verilib, təqdimatlar nümayiş etdirilib.

Bildirilib ki, ilk dəfə olaraq 2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib.