Ukrayna müharibəsi başlayandan Rusiyanı tərk edənlərin sayı açıqlanıb
Rusiya-Ukrayna müharibəsinin başlandığı 24 fevral 2022-ci il tarixdən ötən dövr ərzində 666 min nəfər Rusiyanın ərazisini tərk edib.
Bu barədə “The Bell” internet nəşrinin məqaləsində qeyd olunub.
Yazıda bildirilib ki, sözügedən informasiya 70 ölkədən əldə edilən statistik məlumatlara əsaslanır.
Rusiyadan gedənlərin üz tutduğu ölkələr arasında ilk yerdə Ermənistan dayanır. Belə ki, Ermənistana 110 min nəfər köçüb. İkinci və üçüncü yerləri 80 min nəfəri qəbul edən İsrail və Qazaxıstan bölüşdürür. Siyahıda növbəti yerdə Gürcüstan (73,5 min nəfər) yerləşib.
Göstərilən dövr ərzində Rusiyadan ABŞ-yə 48 min nəfər pənah aparıb.
Almaniya və Serbiya müvafiq olaraq Rusiyadan gəlmiş 36 min və 30 min nəfərə sığınacaq verib.
Sonrakı həyatını yaşamaq üçün Türkiyəni seçənlərin sayı isə 28 min nəfər olub.