Azərbaycan və Gürcüstan Milli Elmlər Akademiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin Gürcüstana səfəri çərçivəsində iki ölkənin Milli Elmlər akademiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə AMEA-dan məlumat verilib.

Əməkdaşlıq memorandumunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metreveli imzalayıblar.

Memoranduma iki ölkənin milli və dövlətçilik maraqlarına cavab verən birgə tədqiqatların aparılması, layihələrin hazırlanıb həyata keçirilməsi, zəruri ixtisaslar üzrə elmi kadrların hazırlanmasına və mübadiləsinə dəstək verilməsi, müştərək elmi konfransların və seminarların təşkili, elmi nəşrlərin mübadiləsi və digər bu kimi mühüm məsələlər daxildir.

İlkin olaraq Bakıda və Tbilisidə Azərbaycan-Gürcüstan elmi əlaqələrinin tarixi, ənənələri, simaları və gələcəyinə həsr edilmiş elmi konfransın keçirilməsi və akademiyaların əsas elmi jurnalı sayılan “Məruzələr” jurnalının Azərbaycana və Gürcüstana həsr edilmiş xüsusi buraxılışının nəşri və mübadiləsi qərara alınıb.

Gürcüstan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin genişləndirilmiş iclasında bölmələrin rəhbərləri çıxış edərək əməkdaşlıq memorandumunu və ilkin tədbirlər planını dəstəklədiklərini bildiriblər.

Akademik İsa Həbibbəyli Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metrevelinin rəhbərlik etdiyi elmi heyətlə birlikdə Kaxeti bələdiyyəsinə səfərdə iştirak edib.