Gürcüstan qəzetində Azərbaycanda keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi barədə məqalə dərc olunub
Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi barədə məqalə dərc olunub. “Gənclər yaşıl dünya naminə” sərlövhəli məqalə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Mədəni irsimizin təbliği” layihəsi çərçivəsində çap olunub.
Qeyd edilib ki, müxtəlif ölkələrdən olan düşərgə iştirakçıları əvvəlcə Bakıda Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, həmçinin Birinci və İkinci Şəhidlər xiyabanlarında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirələrini ehtiramla anıblar.
Məqalədə avqustun 2-də Laçında düşərgənin rəsmi açılış mərasimindən də bəhs olunub.
Həmçinin diqqətə çatdırılıb ki, avqustun 7-dək davam edəcək düşərgəyə 60 ölkədən gələn 18-29 yaş arasında 115 gənc, o cümlədən azərbaycanlılar və ölkəmizə dost münasibət bəsləyən digər xalqların nümayəndələri qatılıblar.
Düşərgə iştirakçılarının bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olacaqları, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşəcəkləri, maraqlı panel və seminarlarda, eləcə də əyləncəli və intellektual oyunlarda iştirak etdikləri vurğulanıb.
Düşərgədə iştirak edən Gürcüstan Azərbaycanlıları isə öz təəssürattlarını belə bölüşüblər:
Laşa İsabalayev – “Alyans” Gənclər Mərkəzinin məzunu.
Laçın öz təbii gözəlliyinə görə doğrudan da möhtəşəm bir diyardır. Düşərgəmiz Həkəri çayının sahilində yerləşir. Bu gün Laçında yeni yollar salınır, binalar tikilir və qədim ibadətgahlar restavrasiya olunur. Təşkilatçılıq da yüksək səviyyədədir.
Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.
Sonda demək istəyirəm ki, özümlə rəsm çəkmək üçün kətan gətirmişəm.Laçıının bu gözəl təbiət mənzərəsini çəkib Diaspora Komitəsinə hədiyyə vermək arzusundayam.
Orxan Əliyev – Hüquqşünas, Tbilisi şəhəri.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinə dəvət aldığımız üçün öngə təşəkkürümü bildirmək istəyirəm. Doğrudan da Qarabağın hər bir güşəsi cənnət – məkandır. Laçının gözəlliyi isə bizi valeh edib.