Diaspor Gənclərinin V Yay düşərgəsinin iştirakçıları Xocalı, Əsgəran və Şuşaya səfər ediblər
Azərbaycanın Laçın rayonunda keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçılarının işğaldan azad olunmuş Əsgəran, Xocalı və Şuşaya ekskursiyası təşkil edilib.
Əvvəlcə düşərgə iştirakçıları Əsgəran qalasına gediblər. Burada onlara qalanın tarixindən və əhəmiyyətindən bəhs olunub.
Xocalıda düşərgə iştirakçılarına erməni qəsbkarlarının 32 il əvvəl burada dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər, tarixi-memarlıq abidələrinin məhv edilməsi, həmçinin azad olunduqdan sonra Xocalıda görülən işlər haqqında ətraflı məlumat verilib. Gənclər 30 illik işğaldan sonra aparılan bərpa və yenidənqurma işləri ilə yerində tanış olublar.
Gənclər Şuşada şəhərin mərkəzi meydanını, “Güllələnmiş heykəllər” abidəsini, Gəncə qapısı və digər görməli yerləri ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa azad edildikdən sonra təmir-bərpa işləri aparılıb. Burada gənclər şəhərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə də tanış olublar. Diqqətə çatdırılıb ki, yeni inşaat işləri və infrastrukturla yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına da xüsusi fikir verilir.