Gürcüstan BOEM-ə sərmayə yatırılması prosedurlarını sadələşdirib
Artan elektrik enerjisi istehlakı fonunda Gürcüstanda enerji sektorunun inkişafı hökumətin prioritet məsələsidir. Bununla əlaqədar ümumi gücü 1,5 min meqavat olan elektrik stansiyalarının tikintisinə yardımı özündə əks etdirən bərpa olunan enerjiyə dəstək mexanizmi hazırlanıb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“2024-cü il sentyabrın 2-dən bərpa olunan enerji mənbələrindən enerji istehsalı və istifadəsi sxeminin benefisiarları birbaşa danışıqlar yolu ilə Gürcüstan hökuməti ilə su, günəş və külək elektrik stansiyalarının tikintisinə dair saziş imzalaya biləcəklər ki, bu da sektora investisiyaların yatırılmasının stimullaşdırılmasına və ona marağın artırılmasına kömək edəcək”, – məlumatda deyilir.
Qeyd edilib ki, bu yenilik hökumətin “Bərpa olunan mənbələrdən enerji istehsalının və istifadəsinin dəstəklənməsi sxeminin və enerji hərracının qaydalarının təsdiq edilməsi haqqında” fərmanına edilən dəyişikliklə nəzərdə tutulub. Ona əsasən, maraqlı tərəflər ikinci enerji hərracında hər bir kateqoriya üçün müəyyən edilmiş sabit tarifdən artıq olmayan məbləği almaq imkanına malikdirlər.
Hökumət bu sahənin inkişafını sürətləndirmək üçün yaxın bir neçə ildə 3-4 milyard ABŞ dolları həcmində investisiya cəlb etməyi planlaşdırır.