Səfir Faiq Quliyev Kəpənəkçi kəndində şəhid ailəsini ziyarət edib – FOTO
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirlik əməkdaşları Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində Birinci Qarabağ müharibəsi şəhidi Elşad Budaqovun (1973-1992) şəhidliyinin 32-ci il dönümünə həsr olunan anım mərasimində iştirak ediblər.
Şəhidin yaxınları və Kəpənəkçi sakinləri ilə birgə şəhidin kənd qəbirstanlığındakı məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Səfir Faiq Quliyev şəhidin valideynləri – Məcid Budaqov və Firuzə Budaqovaya, kənd sakinlərinə başsağlığı verib, Allahdan bütün şəhidlərimizə rəhmət diləyib. O bildirib ki, Gürcüstan əsilli şəhidlərin əziz xatirələrini ananda kədər hissi ilə yanaşı qürur hissi də keçirir. Səfir şəhidin valideynlərinə Elşad Budaqov kimi qəhrəman övlad böyüdüb boya-başa çatdırdıqlarına görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında 2020-ci ildə Rəşadətli Azərbaycan Ordusunun apardığı və Şanlı Zəfərlə yekunlaşan 44 günlük Vətən Müharibəsində, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilmiş antiterror əməliyyatları nəticəsində Elşad Budaqov da daxil olmaqla bütün şəhidlərin qisası alınıb, onların qanı yerdə qalmayıb. Səfir şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını deyib.
Faiq Quliyev səfirliyin Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, əslən Gürcüstandan olan şəhidlərin yaxınlarının daim diqqət mərkəzində saxlanıldığını bildirib. O, Azərbaycan səfirliyinin şəhid ailələrini narahat edən məsələlərin həllinə hər zaman dəstək verməyə hazır olduğunu qeyd edib.
Səfir şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində Gürcüstanda həyata keçirilən layihələr barədə danışıb.
Faiq Quliyev Vətən Müharibəsi dövründə Gürcüstan azərbaycanlılarının Azərbaycana göstərdiyi maddi və mənəvi dəstəyi də xüsusi olaraq vurğulayıb, Azərbaycana güclü bağlılıq və həmrəyliyə görə onlara təşəkkür edib.
Səfir daha sonra Elşad Budaqovun valideynləri ilə söhbət edib, onların qayğıları ilə yaxından maraqlanıb.