Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub

19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşımaların böyük potensialı olduğunu qeyd edib. U.Yalçın əlavə edib ki, modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xətti də Orta Dəhliz üzrə yükdaşımaların artırılmasına böyük təkan verəcək.

Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) prezidenti Yanq Bin isə ölkəsinin Orta Dəhlizlə yükdaşımaların artmasında maraqlı olduğunu bildirib və qeyd edib ki, CRTC-nin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması bu dəhlizlə yük həcmlərinin artmasına töhfə verəcək.