İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Qəbula görə dövlət başçısına təşəkkürünü bildirən Şamil Ayrım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Qonaq Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda keçiriləcək parlament seçkilərində böyük heyətlə müşahidəçi statusunda iştirak edəcəyini bildirdi. Bu seçkilərin Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəminə toxunan Şamil Ayrım Azərbaycan suverenliyinin və ərazi bütövlüyünün tam təmin edilməsinin əhəmiyyətini vurğuladı.