Marneulidə iş adamının evinə qumbara atan 2 nəfər saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları keçirdikləri operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 2001 və 2006-cı il təvəllüdlü şəxsləri külli miqdarda pul tələb etmək məqsədilə qrup şəklində cinayətə köməklik göstərmə faktı üzrə saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
22 oktyabr tarixində Marneuli bələdiyyəsinin bir kəndində yaşayan vətəndaşın həyətinə qorxu yaratmaq və pul tələb etmək məqsədilə qumbara atılıb. Araşdırma nəticəsində müəyyən olunub ki, bu hadisədən əvvəl zərərçəkmişə xaricdə yaşayan şəxslər zəng edib və öldürmək və ya əmlakını məhv etməklə hədələyərək külli miqdarda pul ödəməyi tələb ediblər.
Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, xaricdə olan şəxslərə bu işdə hazırda saxlanılan S.A. və İ.X. yardım ediblər. Hadisə ilə bağlı istintaq hərəkətləri davam edir.
Baş vermiş hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 25-181-ci, 236-cı və 187-ci maddələri ilə aparılır. Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.