Seçkilər başladı, MSK-da ilk brifinq keçirildi- RƏSMİ
Bu gün Gürcüstanda keçirilən Parlament seçkiləri ilə əlaqədar seçki məntəqələri artıq açılıb. Səsvermə başlayıb.
Seçki administrasiyası ilk genişmiqyaslı modernləşdirilmiş seçkiləri qanunvericiliyə tam uyğun, şəffaf və yüksək peşəkar səviyyədə keçirməyə hazırdır. Xatırladaq ki, seçicilərin demək olar ki, 90%-i elektron vasitələrdən istifadə etməklə xidmətlər alacaq, səsvermə başa çatdıqdan sonra seçicilərin 10%-nin bülletenləri rəqəmsallaşdırılacaq.
Bu barədə Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən brifinqdə bildirilib.
Bu gün seçicilər proporsional seçki sistemi əsasında Gürcüstan parlamentinə 150 deputat seçəcəklər. Gürcüstan parlamentinin üzvlərinin mandatları seçkilərdə iştirak edən seçicilərin ən azı 5 faizinin real səsini toplayan siyasi partiyalar arasında bölünəcək. Parlament seçkilərində 18 siyasi partiya iştirak edir.
Seçicilərə ümumilikdə 3111 seçki məntəqəsi xidmət göstərir. Bunlardan 3044-ü Gürcüstanda fəaliyyətdədir. Xaricdə yaradılan seçki məntəqələrinə gəlincə – 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb. 2263 seçki məntəqəsində səsvermə prosesi elektron, qalan məntəqələrdə, eləcə də xaricdə yaradılmış məntəqələrdə isə ənənəvi qaydada keçirilir.
Seçki prosesini 76 beynəlxalq təşkilatdan 1700-dən çox, 111 yerli təşkilatdan 23000-dən çox müşahidəçi izləyəcək, 199 media qurumunun 2800-dən çox nümayəndəsi prosesi işıqlandıracaq.
Səsvermə səhər saat 08:00-da başlayıb. Xatırladırıq ki, xaricdə səsvermə müvafiq ölkənin yerli vaxtı ilə saat 08:00-dan 20:00-dək keçirilir.
Səs vermək üçün seçici Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Gürcüstan vətəndaşının pasportunu gətirməlidir.
Bizi WhatsApp – da izləyin.