Abxaziyada atışma baş verib, vəziyyət gərginləşib

Suxumidə bir neçə şəxs Abxaziyanın qondarma Dövlət Televiziya və Radio Şirkətinin binasını ələ keçirməyə cəhd edib. Bu barədə məlumatı Rusiya mediası Abxaziyanın qondarma “Prezident”inin məlumat mərkəzinə istinadən yayıb.

“Abxaziya Dövlət Televiziya və Radio Şirkətinin binası yaxınlığında insident baş verib. Əraziyə, ehtimal ki, müxalif qüvvələrin nümayəndələri olan bir qrup şəxs gəlib və yayım üzərində nəzarət qurmağa cəhd edib”, – deyə bəyanatda bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, mühafizə əməkdaşları “xəbərdarlıq atəşi açmağa məcbur olublar”.

“Bu hərəkətlər bizə vəziyyəti sabitləşdirmək və qarşıdurmanın qarşısını almaq imkanı verdi”, – deyə bəyanatda vurğulanıb.

Sonradan Abxaziyanın qondarma “Prezident”inin mətbuat xidməti məlumat yayıb ki, naməlum şəxslərdən ibarət qrup 15 avtomobillə televiziya studiyasının yaxınlığında havaya atəş açıb. Həmin vaxt studiyada əməkdaşlar olub və gərgin vəziyyət yaşanıb.

“İlkin məlumata görə, bu hərəkətlərin məqsədi televiziya əməkdaşlarını qorxutmaq və redaksiyaya təzyiq göstərməkdir. Lakin əməkdaşlar həyat və sağlamlıqlarına təhlükə olmasına baxmayaraq, ölkədəki vəziyyətin obyektiv işıqlandırılmasını davam etdirməyə çalışırlar”, – bəyanatda qeyd olunub.

Bizi WhatsApp – da izləyin.