SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Yeni ildən avtomobillər müəyyən saatlarda, xüsusi cihazla yoxlanılacaq
Yanvarın 1-dən etibarən sürücülər artıq səs-küyə görə cərimələnəcəklər. Bu barədə hökumətin qərarında qeyd olunur. 25 dekabr tarixli sənəddə səs-küyün yuxarı həddi, eləcə də hərəkətin məhdudlaşdırılacağı konkret vaxt aralıqları müəyyən edilib.
Daha dəqiq desək, yeni ildən “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq norması qüvvəyə minir. Həmin normaya əsasən, gecə saatlarında, konkret olaraq 23:00-dan 08:00-dək, yaşayış məntəqələrində nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küyün maksimal icazə verilən səviyyəsi 80 desibeli keçməməlidir.
Bununla yanaşı, qərara əsasən, nəqliyyat vasitəsinin səs-küyünün icazə verilən normaya uyğunluğu Daxili İşlər Nazirliyinin səlahiyyətli şəxsi tərəfindən kalibrlənmiş/sertifikatlaşdırılmış portativ cihaz vasitəsilə yoxlanılacaq.
Əgər nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küyün səviyyəsi bu qaydada nəzərdə tutulan tələblərə uyğun olmazsa, şəxs inzibati məsuliyyətə cəlb ediləcək.
Daha dəqiq desək, istismar zamanı yaranan səs-küy qanunvericiliklə müəyyən edilmiş normanı aşan nəqliyyat vasitəsinin idarə edilməsi 100 lari məbləğində cərimə ilə nəticələnəcək.
Təkrar halında cərimə 200 lari, növbəti dəfə isə nəqliyyat vasitəsinin sürücüsü 300 lari məbləğində cərimələnəcək.
Bizi WhatsApp – da izləyin.