Avropa Parlamenti Gürcüstan əleyhinə qətnamə qəbul edib

Avropa Parlamenti “Elene Xoştaria işi və siyasi məhbuslar Gürcü Arzusu rejimi altında” mövzusunda qətnamə qəbul edib.

Qətnamə 438 lehinə, 37 əleyhinə səs ilə qəbul olunub.

Qətnamədə Avropa Parlamenti Elene Xoştaria və digər şəxslərin siyasi motivli həbsini, həmçinin “Gürcü Arzusu” rejimi tərəfindən siyasi rəqiblər, jurnalistlər və fəallara qarşı sistemli cinayət təqibini qətiyyətlə pisləyib. Həmçinin, həbs zamanı Xoştariaya qarşı tətbiq olunan alçaldıcı və qeyri-insani rəftar narahatlıqla qeyd olunub və onun dərhal azad olunması tələb edilib.

Qətnamədə keçmiş prezident Mixeil Saakaşvilinin davamlı həbsinə və sağlamlıq vəziyyətinin pisləşməsinə də diqqət çəkilir. Avropa Parlamenti həmçinin həbs edilmiş şəxslərə qarşı qeyri-münasib rəftar və milli qanunvericiliyin sui-istifadəsi ilə bağlı iddiaların müstəqil və şəffaf araşdırılmasını tələb edib.

Həmçinin, etirazçılara qarşı kimyəvi silah tətbiqi və Gürcüstanda Rusiya, Çin və İranın artan təsiri ilə bağlı narahatlıq ifadə olunub. Qətnamədə söz və akademik azadlığın, müstəqil tədqiqat hüququnun bərpası çağırışı da yer alıb.

Avropa Parlamenti Gürcüstan hakimiyyətinə məhdudlaşdırıcı qanunları ləğv etməyi, siyasi repressiya məqsədilə həbsdən əvvəl tədbirləri dayandırmağı və məhkəmə müstəqilliyini təmin etməyi tövsiyə edib. Qətnamədə siyasi məhbusların mövcudluğunun Gürcüstanın Avropa Assosiasiya Sazişi öhdəlikləri ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.

Sənəddə həmçinin Avropa İttifaqı və üzv dövlətlərə təhlükə altında olan gürcü fəalları, jurnalistlər və müxalifət nümayəndələrinə dəstək göstərilməsi və rejimin nümayəndələrinə qarşı hədəfli sanksiyaların tətbiqi çağırışı edilib.

Bizi WhatsApp – da izləyin.