“Müsəlman həmyerlilərə qarşı radikal fikirlər qəbuledilməzdir” – Savalan Mirzəyev

“Son zamanlar İnanclı həmyerlilərimizə qarşı radikal müxalifət nümayəndələri tərəfindən səsləndirilən fikirlər qəbuledilməzdir”.

Bu barədə hakim “Gürcü arzusu” partiyasının parlament üzvü Savalan Mirzəyev sosial media hesabında qeyd edib.

Parlament üzvü bildirib ki, inanclı soydaşlara qarşı əsassız iddialar cəmiyyətdə süni gərginlik yaratmağa xidmət edir: “Bu günlərdə ölkəmizin müsəlman icmasının şərəfinə təşkil olunmuş iftar məclisində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin də vurğuladığı kimi, “Müasir və güclü Gürcüstan dövlətinin qurulması prosesində müsəlman icmasının rolu böyükdür.

Son dövrlərdə inanclı soydaşlarımıza qarşı səsləndirilən əsassız fikirlər və iddialar cəmiyyətdə süni gərginlik yaratmağa xidmət edir. Gürcüstan dövləti bütün vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına, ölkədə sabitliyin və ictimai təhlükəsizliyin təmin olunmasına qətiyyətlə sadiqdir.

Siyasi məqsədlərlə cəmiyyətin müxtəlif təbəqələrini qarşı-qarşıya qoymağa cəhd göstərilməsi, xüsusilə etnik və dini zəmində həssas mövzuların manipulyasiya edilməsi qəbuledilməzdir. Bu cür ritorika ölkənin milli maraqlarına və ictimai birliyinə ciddi zərər vurur.

Millətini yaxından tanıyan bir şəxs kimi xüsusi olaraq qeyd etmək istəyirəm ki, Kvemo Kartlidə yaşayan müsəlman həmyerlilərimiz Gürcüstanın ən sadiq vətəndaşlarıdır. Onlar ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə dünən olduğu kimi, sabah da gözlərini qırpmadan fədakarlıq göstərməyə hazırdırlar.

Odur ki, inanclı müsəlman vətəndaşlarımızın mövqeyinə, dəyərlərinə və həssaslıqlarına hörmətlə yanaşmaq hər kəsin mənəvi borcudur”, – deyə Savalan Mirzəyev qeyd edib.

Bizi WhatsApp – da izləyin.