6 ildən yuxarı avtomobillərlə bağlı qanun layihəsinə yeni müddəalar əlavə olunub
Parlament vergi qanunvericiliyinə nəzərdə tutulan dəyişiklikləri birinci oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, 6 ildən çox yaşı olan minik avtomobilləri üçün aksiz vergisi artırılır.
Qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəsi və səsverməsi 1 aprel tarixində keçiriləcək plenar iclasda baş tutacaq. Müxalif “Gürcüstan üçün” fraksiyası isə alternativ qanunvericilik təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.
Layihəyə görə, 0-6 il arası (daxil olmaqla) yaşı olan avtomobillər üçün aksiz dərəcəsi mühərrikin hər 1 sm³ həcmi üçün 1,5 lari təşkil edəcək. 6 ildən yuxarı avtomobillər üçün isə bu göstərici 1 sm³ üçün 4,5 lari müəyyənləşdirilir.
Qanun layihəsini parlamentdə hakim “Gürcü arzusu” partiyasının deputatı İrakli Xeladze təqdim edib. O bildirib ki, köhnə avtomobillərin sayı ildən-ilə artır və mövcud aşağı vergi dərəcələri onların idxalını stimullaşdırır.
Deputatın sözlərinə görə, yeni dəyişikliklər köhnə avtomobillərin sayını azaltmağa və ətraf mühitə dəyən zərəri minimuma endirməyə yönəlib. O, həmçinin etiraf edib ki, aksiz vergisinin artırılması avtomobillərin qiymətinə təsir göstərə bilər.
Dəyişikliklər çərçivəsində “Vergi Məcəlləsi”ndə mövcud aksiz dərəcələrini müəyyən edən tələb ləğv olunur və yeni xüsusi dərəcələr tətbiq edilir. Hibrid avtomobillər üçün güzəşt saxlanılır və əsas dərəcə 60 faiz azaldılmış şəkildə tətbiq olunacaq. Sağ sükanlı avtomobillər üçün isə aksiz dərəcəsi əsas tarifin üçqatı olacaq. Sağ sükanlı elektrik avtomobilləri üçün aksiz 3 000 lari müəyyən edilib.
Keçid müddəalarına əsasən, 2026-cı il 2 aprel tarixinədək Gürcüstana gətirilmiş və ya həmin tarixə qədər daşınmasına başlanmış avtomobillər üçün mövcud aksiz dərəcələri qüvvədə qalacaq. Quru yolla daşınan və ya öz hərəkəti ilə ölkəyə daxil olan avtomobillər üçün isə bu müddət 1 iyul 2026-cı ilədək uzadılır.
Bizi WhatsApp – da izləyin.