“Heç bir ölkə böhranların təsirindən sığortalanmayıb və böhran gözlənildiyindən daha yaxın ola bilər” – İran səfiri
İran İslam Respublikasının Gürcüstandakı səfiri Seyid Əli Moujani Donald Tramp və ABŞ siyasəti ilə bağlı diqqətçəkən açıqlama verib.
O, sosial şəbəkədə paylaşdığı statusda bəzi ölkələrin tələsik qərarlarının uzunmüddətli problemlərə səbəb olduğunu bildirib.
Səfirin sözlərinə görə, bəzi dövlətlər istər-istəməz və ya düşünülməmiş şəkildə öz ərazilərini xarici qüvvələrə açır və bunun nəticəsini gec-tez ölkə daxilində hiss edir. O qeyd edib ki, dünən Donald Trampı dəstəkləyən qüvvələr bu gün həmin qərarın mənfi nəticələri ilə üzləşirlər.
Moujani vurğulayıb ki, hazırda dünyada vəziyyətin gərginləşdiyini göstərən açıq əlamətlər mövcuddur. Bunlara ixrac yollarının pozulması, kapital axını, cəmiyyətdə narahatlığın artması və müharibənin ağır nəticələri daxildir. O, həmçinin eskalasiya risklərinin, o cümlədən nüvə silahı təhlükəsinin də gündəmdə olduğunu diqqətə çatdırıb.
Səfir əlavə edib ki, müharibənin 32-ci günündə Ağ Ev münaqişənin xərclərinin İranın cənubunda yerləşən ölkələrin üzərinə qoyulması ehtimalını belə nəzərdən keçirir.
Onun fikrincə, bu cür yanaşma əvvəllər Co Bayden administrasiyasının da tətbiq etdiyi siyasətin davamıdır. Moujani bildirib ki, hazırda bəzi NATO müttəfiqləri belə Vaşinqtondan məsafə saxlamağa üstünlük verir.
Səfir yekunda qeyd edib ki, heç bir ölkə regional böhranların təsirindən sığortalanmayıb və böhran gözlənildiyindən daha yaxın ola bilər.
Bizi WhatsApp – da izləyin.