Acarıstanda İnterpolun axtardığı 2 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan iki xarici ölkə vətəndaşını Acarıstanda saxlayıb.

Nazirliyinin yaydığı məlumata görə, saxlanılan şəxslər Almaniyanın hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır cinayətlərdə, o cümlədən hədə-qorxu yolu ilə pul tələb etmək məqsədilə adam oğurlama, zorlama və bədən xəsarəti yetirmə ittihamları ilə axtarışda olublar.

Nazirlik bildirir ki, həmin şəxslər barələrində beynəlxalq axtarış elan edilməzdən əvvəl Gürcüstan sərhədini keçiblər.

Hazırda saxlanılan şəxslərlə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.