Gürcüstanda 2027-ci ildə yollara 1,3 milyard lari ayrılacaq
2027-ci ildə Gürcüstanda yol infrastrukturunun yaxşılaşdırılması üçün 1,332 milyard lariyə qədər vəsait ayrılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin versiyasında qeyd olunub.
Sənədə əsasən, ayrılacaq vəsaitin 723 milyon larisi sürətli avtomobil magistrallarının tikintisinə yönəldiləcək.
2027-ci ildə bir sıra iri yol infrastrukturu layihələrinin tikintisi, yenidən qurulması və bərpası işlərinin davam etdirilməsi planlaşdırılır. Bununla yanaşı, gələn il bir neçə yeni layihəyə başlanılması nəzərdə tutulur.
● Tbilisi ətraf yolunun tikintisinə başlanılacaq və bu məqsədlə 210 milyon lari ayrılacaq;
● Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Tsitsamuri-Jinvali hissəsinin tikintisinə 50 milyon lari yönəldiləcək;
● Tbilisi-Rustavi yolunun II hissəsinin tikintisinə 50 milyon lari ayrılacaq;
● Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlı yollarının tikintisinə 105,5 milyon lari sərf olunacaq;
● Anakliya limanına gedən yolun tikintisinə 30 milyon lari ayrılacaq.
● Bundan əlavə, avtomobil yollarının dövri təmiri və bərpası üçün 2027-ci ildə 400 milyon lari vəsait nəzərdə tutulub.
Qeyd edək ki, 2027-ci il dövlət büdcəsi layihəsi hazırda ilkin mərhələdədir. Sənəd yekun təsdiq olunana qədər büdcə layihəsində dəyişiklik və düzəlişlərin edilməsi mümkündür.
Bizi WhatsApp – da izləyin.