“Alyans” Gənclər Mərkəzində Novruz bayramı qeyd olunub- FOTO

Tbilisidəki “Alyans” Gənclər Mərkəzində Novruz bayramına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri, tələbələr və məktəblilər iştirak ediblər.

“Alyans Gənclər Mərkəzi”nin sədri Leyla Əmrahova tədbiri açdıqdan sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

L.Əmrahova Novruz bayramı və xüsusən də çərşənbələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, xalqımızı bu gözəl gün münasibətilə təbrik edib.

Sonra Fondun icraçı direktoru Əkrəm Abdullayev çıxış edərək Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb.
Bildirib ki, Komitə Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiyası, tariximizi, milli-mənəvi dəyərlərimizin öyrənərək təbliğ etmələri üçün bir sıra layihələr həyata keçirib. Bu dəstək bundan sora da davam edəcək.

Komitənin şöbə müdirinin müavini Şəfəq Binnətova çıxışında deyib ki, Komitə Gürcüstanda yaşayan soydaşlarımızın qayğı və problemlərini daim diqqət mərkəzində saxlayır. Soydaşlarımız hər zaman Komitəyə müraciət edə bilərlər və onların müraciətləri cavabsız qalmayacaq.

“Basti-bubu” gürcü rəqs qrupu, “Ceyran” rəqs ansamblının üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Bayram tədbirinin sonunda böyük ədib M.F.Axundzadənin Brüsseldə təhsil alan oğlu Rəşid bəyə Novruz bayramı ilə bağlı yazdığı məktub əsasında səhnəcik nümayiş etdirilib.