Sərhəddə görüşən Azərbaycan və İran prezidentləri bir sıra açıqlamalar veriblər – VİDEO

Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında görüş olub.

Azərbaycan və İran liderlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra ölkə rəhbərləri çıxışlar ediblər.

İlham Əliyev bildirib ki, İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir: “İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”, – deyə İ. Əliyev vurğulayıb.

Əliyev bildirib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək.

İbrahim Rəisi isə öz növbəsində qeyd edib ki, İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür: “Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir”, – deyə İ. Rəisi qeyd edib.