ABŞ avtomobillərinin Gürcüstandan Rusiyaya ixracına qadağa qoyuldu
Avqustun 1-dən Gürcüstan hakimiyyəti ABŞ istehsalı olan avtomobillərin Rusiya Federasiyasına ixracına və təkrar ixracına məhdudiyyətlər qoyub.
Bu barədə TASS-a Maliyyə Nazirliyinin gəlirlər xidmətindən məlumat verilib.
Qeyd edilib ki, sentyabrın 26-dan isə Avropadan gətirilən avtomobillərə məhdudiyyətlər tətbiq ediləcək.
Gürcüstanın Milli Statistika Xidmətinin daha əvvəl verdiyi məlumata görə, yanvar-iyun aylarında respublika Rusiya Federasiyasına ümumi dəyəri 52 milyon dollardan çox olan 3,7 mindən çox avtomobil ixrac edib.
Xatırladaq ki, Avropa İttifaqı 11-ci sanksiyalar paketi çərçivəsində Rusiyaya mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin, eləcə də elektromobillərin və hibridlərin tədarükünə qadağa qoyub.