Hər il 1500-dən çox azərbaycanlı Gürcüstandakı inteqrasiya mərkəzlərinin xidmətindən istifadə edir
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə dostluq, strateji tərəfdaşlıq, həmçinin qonşuluq prinsiplərinə söykənən Azərbaycan-Gürcüstan əməkdaşlığı barədə danışılıb. Ulu Öndər Heydər Əliyevin iki dövlət arasında əsasını qoyduğu münasibətlərin bu gün yeni mərhələyə yüksəldiyinə və əməkdaşlıq imkanlarının daha da genişləndiyinə diqqət çəkilib.
Qonaqlara Komitənin fəaliyyəti, həyata keçirilən irihəcmli layihələr barədə məlumat verilib. Qeyd olunub ki, hazırda Tbilisi, Marneuli, Qardabani, Bolnisi və Dmanisidə inteqrasiya və tədris mərkəzləri mövcuddur, hər il 1500-dən artıq azərbaycanlı həmin mərkəzlərin xidmətindən istifadə edir. Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası istiqamətində xüsusi layihələr həyata keçirilir, onlara təmənnasız hüquqi yardım göstərilir.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev səmimi qəbula görə minnətdarlığını bildirib, dünya azərbaycanlılarını işğal altında olan torpaqların azad olunması, Azərbaycan ərazilərinin bütövlüyünün təmin olunması münasibətilə təbrik edib. O, təmsil etdiyi qurumla komitə arasında qarşılıqlı əməkdaşlıq imkanlarının genişlənəcəyinə, bundan sonra da uğurlu layihələrin həyata keçiriləcəyinə inamını ifadə edib.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.