Modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti yekunlaşır – FOTO
Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində aparılan təmir-genişləndirmə işləri yekunlaşmaq üzrədir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən xəbərə görə, dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinin 95%-i uğurla yekunlaşıb. Sözügedən dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və yüklərin əhəmiyyətli hissəsinin BTQ-yə cəlb edilməsidir.
Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin ən qısa müddətdə Avropaya çatdırılmasında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.
Artmaqda olan yük tələbatını qarşılamaq üçün 2023-cü ildən başlayaraq layihə çərçivəsində kompleks təmir-genişləndirmə işlərinə başlanılıb, hazırda son tamamlanma işləri görülür.
Sözügedən ərazidə aparılan işlərlə yaxından tanış olmaq üçün 2 mart tarixində Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları idarələrinin rəhbərləri Rövşən Rüstəmov, David Peradze və Veysi Kurtun iştirakı ilə layihəyə birgə baxış keçirilib, layihənin qrafik üzrə vaxtında tamamlanması üçün yerində müvafiq müzakirələr aparılıb.
BTQ layihəsi üzrə işlər 5 hissədən ibarətdir. Onlardan 3-nün tamamlanması həyata keçirilmiş və buna dair Gürcüstan Hökuməti tərəfindən rəsmi sənəd təqdim edilmişdir.
Qeyd edək ki, BTQ layihəsinin I hissəsi üzrə 29,2 km uzunluğa malik Marabda-Tetriskaro dəmir yolu xətti üzrə 3 dəmir yol stansiyası, 2 dartı yarımstansiyası, 4 sərnişin platforması və 38 km kontakt şəbəkə xətti üzrə bütün işlər yekunlaşmış, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması, yoldəyişən qurğuların kabelləşdirilməsi və digər genişləndirmə işləri sona çatdırılıb. Bu hissə üzrə layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmış və tamamlanmasına dair Gürcüstan Hökumətindən rəsmi sənəd əldə edilmişdir.
49,7 km uzunluğuna malik II hissə – Tetriskaro-Tsalka dəmir yolu xətti üzrə 3 dəmir yolu stansiyası, 3 sərnişin platforması və 2 dartı yarımstansiyası, 5,9 km uzunluğu olan qardan qoruma hasarları üzrə bütün işlər yekunlaşmış, siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının qurulması və işə salınması həyata keçirilmişdir. Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş bütün işlər yekunlaşmış və tamamlanmasına dair rəsmi sənəd əldə edilmişdir.
74,1 km uzunluğa malik III hissə – Tsalka-Axalkalaki dəmir yolu xətti üzrə 4 dəmir yolu stansiyası, 3 dartı yarımstansiyası, 4 sərnişin platformasında işlər tamamlanmış, hazırda 4 qardan mühafizə qaleriyasında (tuneldə) təmir işləri davam etdirilir. Cari ilin mart-aprel aylarında bu hissədə nəzərdə tutulmuş işlərin tam yekunlaşdırılması gözlənilir.
Baş yolunun ümumi uzunluğu 27 km olan IV hissə – Axalkalaki-Kartsaxi dəmir yolu xəttinin yenidən qurulması, bir dəmir yolu stansiyası və sərnişin platformalarının təmiri və digər işlər yekunlaşdırılmışdır. Bu hissə üzrə də layihədə nəzərdə tutulmuş işlər yekunlaşmış (yalnız tuneldə qalan işlər aprel ayında tamamlanacaq) və tamamlanmasına dair rəsmi sənəd əldə edilmişdir.
Bununla yanaşı, 110 ha sahəyə malik Axalkalaki kompleksinin tikintisi layihənin 5-ci hissəsini təşkil edir. Bu hissə çərçivəsində bir estakada, 2 suötürücü, 4 körpü, 2 yol ötürücüsü və 2 yeraltı piyada keçidinin təmiri, ərazidə qardan mühafizə divarlarının tikilməsi, 17,9 km yeni kontakt şəbəkənin quraşdırılması, dartı yarımstansiyasının gücünün artırılması, 48 km stansiya daxili yolun, 3,9 km avtomobil yolunun inşası və s. işlər görülmüşdür. Eyni zamanda, kompleksin tikintisində yeni texnologiyalar tətbiq edilib, Avropa istehsalı olan müasir avadanlıqlardan istifadə olunub. Hazırda avadanlıqların təchizatı, abadlıq və son tamamlama işləri həyata keçirilir.
Qeyd edək ki, BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2400 m hündürlükdə aparılır), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına manelər törətməyib. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.