Amerikalılar “qara cümə” günü onlayn alış-verişə rekord miqdarda pul xərcləyiblər
ABŞ-da istehlakçılar bu il “qara cümə” günü onlayn alış-veriş zamanı 9,12 milyard dollar xərcləyiblər ki, bu da rekord göstəricidir.
Bu barədə CNBC telekanalı məlumat yayıb.
Bildirilib ki, həmin gün ümumilikdə onlayn satışlar illik müqayisədə 2,3 % artıb. Bu xüsusilə elektronika sektorunda hiss olunub. Belə ki, bu məhsulların onlayn satışı oktyabr ayı ilə müqayisədə orta hesabla 221 % artıb. Digər populyar kateqoriya isə 285 % artımla oyuncaqlar, həmçinin 218 % artımla fitnes avadanlıqları olub.
Qeyd edək ki, “qara cümə” (ing. “Black Friday”) ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükran Günündən sonrakı cüməyə verilən qeyri-rəsmi bir addır. Türkiyə, Azərbaycan və bir sıra müsəlman ölkələrdə əlamətdar günün adının yerli dini inanca hörmətsizlik olduğu irəli sürülərək “əfsanə cümə” və ya sadəcə ingilis variantı – “black friday” ifadələri istifadə edilir.
1952-ci ildən bəri Şükran Günündən sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq “qara cümə” termini son onilliklərə qədər elə də geniş yayılmamışdı. Qara cümə günü bir çox mağazada yüksək nisbətdə təşkil olunan endirimlər təqdim edilir və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükran Günü axşam saatlarında başladırlar. Həmin gün məşhur şirkətlər öz məhsullarını yüksək faizli güzəştlə satırlar. “Qara cümə” kampaniyaları ABŞ-dan başqa Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsində geniş yayılıb.