Gürcüstanda böyük uğurlar qazanmış Azərbaycanlı gənclər haqqında filmin çəkilişlərinə başlanılıb

Aktual Media təşkilatı Gürcüstanda böyük uğurlar qazanmış Azərbaycanlı gənclər haqqında filmin çəkilişlərinə başlayıb.

Bu barədə “Aktual Media” qrupunun rəhbəri, aktual.ge xəbər portalının direktoru İlkin Hüseynov məlumat verib. “Aktual Media komandası fəaliyyətlərində bir çox uğur qazanmış, geniş potensiala malik gənclərimiz haqqında film çəkmək qərarına gəldi. Əsas məqsəd məlum stereotipləri dağıtmaq, azərbaycanlıların təkcə Gürcüstanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında deyil, xarici ölkələrdə də müxtəlif sahələrdə qazandıqları uğurları geniş ictimaiyyətə çatdırmaqdır”. – deyə İ.Hüseynov qeyd edib.

O bildirib ki, müxtəlif sahələrdə uğur qazanmış gənclərimizin həyat hekayələrini əks etdirəcək bədi-sənədli film 45 dəqiqəlik olacaq. “Novella” adlanacaq filmdə ilk olaraq böyük uğurlar qazanmış 7 gənc qəhrəmanın həyat yolundan bəhs olunacaq. Ssenari əsasında artıq çəkilişlərə başlanılıb. Çəkilişlər təkcə Gürcüstanda deyil, Azərbaycanda da aparılacaq.