Gürcüstan Müsəlmanları İdarəsinin dini liderləri Balakənə səfər ediblər
Bütün Gürcüstan Müsəlmanları idarəsinin dini liderləri və nümayəndələri, Dini İşlər üzrə Dövlət Agentliyinin sədri və agentliyin nümayəndələri, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataridze Azərbaycan Respublikasının Balakən rayonunun İtitala kəndində olub və burada yaşayan gürcü müsəlmanlarına baş çəkiblər.
Bu barədə Gürcüstan Müsəlmanları idarəsi məlumat yayıb.
Məlumata əsasən, kənddə Gürcüstan nümayəndə heyətini rayon icra hakimiyyətinin sədri İslam Rzayev və kənd sakinləri qarşılayıblar. Kənd Mədəniyyət Evində soydaşlarımızla görüş keçirilib, burada yerli folklor ansamblının ifasında qonaqların şərəfinə gürcü xalq rəqsləri və mahnıları ifa olunub. Görüşdə səfir Zurab Pataridze, Şeyx Hacı Faiq Nəbiyev, müftilər Etibar Eminov və Adam Şantadze, rayon meri İslam Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və Balakən rayon (qazisi) müftisi İbrahim Əfəndi yerli sakinlər qarşısında çıxış ediblər. Görüşün sonunda müfti Adam Şantadze səmimi qəbula və görüşün təşkilinə görə rayonun icra hakimiyyəti başçısı İslam Rzayevə təşəkkür edib və rəmzi hədiyyə verib. Qonaqlar yerli folklor ansamblına da hədiyyələr veriblər.
Mədəniyyət evində keçirilən görüşdən sonra din xadimləri kəndin tarixi məscidində olub, gürcü dilinə tərcümə olunmuş ədəbiyyatları, Qurani-Kərimin tərcüməsini və Gürcüstandan gətirilən təqvimləri kəndin imamına təhvil verib, xatirə şəkilləri çəkdiriblər.