“Qardaş yumruğu” təlimi – FOTO

Türkiyə milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda keçirilən “Qardaş yumruğu” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabında paylaşım edilib.

Qeyd olunub ki, təlimdə nazirlərlə yanaşı, iki ordunun komandanları təlimləri izləmək üçün poliqona gəliblər. Diqqətə çatdırılıb ki, soyuq və qarlı havada keçirilən “Qardaş yumruğu” təlimində Türkiyə və Azərbaycan ordusunun hərbçiləri tərəfindən hədəflər dəqiqliklə vurulub. Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər ordu komandanları hədəflərə atılan atəşləri diqqətlə izləyiblər.

Noyabrın 20-də başlayan Azərbaycan-Türkiyə birgə təlimində müvəffəqiyyət göstərən iki ölkənin hərbçilərinə milli müdafiə naziri Hulusi Akar və müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlar təqdim edilib.