Faiq Quliyev Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyinin başçısı ilə görüşüb

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Avropa Birliyinin (AB) Gürcüstandakı nümayəndəliyinin başçısı, səfir Pavel Herçinski ilə görüşüb.

Azərbaycan Səfirliyinə ilk nəzakət səfərini etmiş qonağı səmimi qəlbdən salamlayan səfir F.Quliyev AB həmkarına Gürcüstanda məsuliyyətli missiyada uğurlar diləyib. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, o, təqribən 30 il boyunca Azərbaycana qarşı davam edən təcavüzə, torpaqların işğalına son qoyulmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün yeni reallıqların yaratdığını söyləyib. Bu baxımdan AB-nin də bölgədə barışın bərqərar olunması istiqamətində gördüyü vasitəçilik səyləri yüksək təqdir edilərək, bu prosesdə Gürcüstan hökumətinin mühüm rolu qeyd edilib.

Səfir P.Herçinski öz tərəfindən Gürcüstanın strateji tərəfdaşı və AB-nın bölgədə ən mühüm tərəfdaşlarından biri olan Azərbaycan Səfirliyinə ilk tanışlıq xarakterli nəzakət səfərlərinin etməsindən məmnun olduğunu bildirərək, xoş qəbula görə təşəkkür edib. Bu baxımdan P.Herçinski Azərbaycan Hökuməti ilə Avropa Komissiyası arasında strateji dialoqu və əldə olunan vacib razılıqları yada salmış, həmin layihələrin tezliklə gerçəkləşməsi üçün Gürcüstanla yaxın tərəfdaşlığı başda olmaqla, regional yanaşmanın nümayiş etdirilməsinin vacibliyindən bəhs edib.

Azərbaycan ünvanına xoş sözləri və göstərilən marağı yüksək dəyərləndirən səfir F.Quliyev qonağı maraqlandıran bölgə məsələlərinə dair ümumi təsviredici məlumat verib. O, Azərbaycanın Gürcüstan və Türkiyə ilə inkişaf etdirdiyi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bölgə tərəqqisini şərtləndirən başlıca amil kimi xarakterizə edib.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə ediblər.