Faiq Quliyev: Azərbaycan-Gürcüstan əlaqələri dost, qardaşlıq, qarşılıqlı dəstək şəraitində və strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir
Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirliyin heyəti Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli liderinin büstünü ziyarət edib, abidə önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Ziyarətdə Gürcüstanda səfərdə olan Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
Səfir KİV nümayəndələrinə müsahibəsində bildirib ki, diplomatik münasibətlərin təməlinin qoyulduğu gündən – 1992-ci ilin noyabrın 18-dən bəri Azərbaycan-Gürcüstan əlaqələri dost, qardaşlıq, qarşılıqlı dəstək şəraitində və strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.
Faiq Quliyev iki ölkə arasında münasibətlərin fundamental təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Bildirib ki, 1996-cı ildə Ulu Öndərin dövlət başçısı qismində Gürcüstana tarixi səfəri zamanı imzalanmış iki təməlqoyucu sənəd münasibətlərin uğurlu inkişafı üçün bünövrə təşkil edib.
Azərbaycanla Gürcüstanın regional və qlobal əhəmiyyətli layihələrdə birgə iştirakını qeyd edən səfir irimiqyaslı layihələrin bu gün də hər iki xalqın rifahına xidmət etdiyini deyib. Faiq Quliyevin sözlərinə görə, hər iki ölkə dünya miqyasında dayanıqlı və nüfuzlu ölkələrə çevrilib. Qeyd edib ki, qarşılıqlı iqtisadi əməkdaşlıq yeni mərhələyə keçib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin oktyabrın 24-də Gürcüstana son səfəri zamanı bununla bağlı müvafiq bəyanatlarla çıxış edib.
Səfir iqtisadi əməkdaşlığın bu gün də uğurla davam etdirildiyini qeyd edərək, Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işlərinə bir neçə Gürcüstan şirkətinin də cəlb olunduğunu, onların uğurlu fəaliyyət göstərdiyini bildirib.
Faiq Quliyev Gürcüstandakı Azərbaycanlıların qarşılıqlı münasibətlərin inkişafına böyük töhfələr verdiyini, əlaqələrin möhkəmləndirilməsində onların xüsusi rollarını da vurğulayıb.
Səfir, həmçinin bildirib ki, diplomatik əlaqələrin 30 illiyinə həsr olunacaq bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirliklərinin təşəbbüsü ilə 30 illik dövrə həsr olunacaq kitab nəşr olunacaq. Nəşrdə qarşılıqlı münasibətlərin tarixi və inkişaf xronologiyası, müxtəlif aspektləri əks etdiriləcək.