Quram Marxuliya İranlı kəşfiyyatçıların qanunsuz olaraq Qarabağa aparılmasına münasibət bildirib
“İran – Ermənistan münasibətləri Cənubi Qafqaz üçün böyük təhlükədir. İranın bölgəmizdə qarışıqlıq yaratmaq, sülhün təmin edilməsinə mane olmaq cəhtləri bütövlükdə bölgəyə mənfi təsir göstərir. Bunu İranlı kəşfiyyatçıların qanunsuz olaraq Qarabağa aparılması da bir daha təsdiq edir.”
Bu sözləri RealNews-a verdiyi müsahibəsində professor, politoloq Quram Marxuliya bildirib.
“İranlı kəşfiyyatçıların qanunsuz olaraq Qarabağa aparılması və orada terrorçu dəstələrə terror-diversiya təlimləri keçməsi heç cür qəbul edilməzdir. Onlar İrandan məhz konkret diversiyalar hazırlamaq üçün göndəriliblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bu günlərdə İrandan bu cür qruplaşmanın Qarabağ ərazisinə getməsi, orada qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçəcəklərini də göstərir. Bu da İranın Ermənistana öz istehsalı olan silah-sursat verməyə hazırlaşdığına işarə edir. İranın bu cür addımları Cənubi Qafqaz üçün böyük fəlakətdir.” – deyə Q.Marxuliya qeyd edib.
Politoloq İranın bölgədə öz məqsədlərinə nail olmaq üçün Ermənistandan istifadə etdyini vurğulayıb.
“İrana uzun illərdir ki, böyük embarqo və sanksiyalar tətbiq edilir. Buna görə də İran öz neft məhsullarını Ermənistana satır. Bununla da o, Ermənistandan həm iqtisadi, həm də siyasi olaraq istifadə edir. Bu baxımdan Ermənistanda İran xüsusi kəşfiyyat xidmətlərinin əməkdaşlarının olması da aydın məsələdir. İran xüsusi kəşfiyyat xidməti Ermənistanda vəziyyəti idarə edir, müxtəlif məlumatlar toplayaraq İrana ötürürlər. İran Ermənistandan Azərbaycan əlehinə də istifadə edir. Bu nə İrana, nə də ki, Ermənistana müsbət heç nə qazandıran deyil. İranın bölgəmizdə Azərbaycan əlehinə fəaliyyəti isə öz növbəsində Gürcüstan və bütövlükdə Cənubi Qafqaz üçün təhlükə mənbəyidir. İran bölgəmizdə qarışıqlıq yaratmaq üçün əlindən gələni edir. İranlı kəşfiyyatçıların Qarabağa qanunsuz aparılması da bunun göstəricilərindən biridir” – deyə Quram Marxuliya bildirib.
Politoloq son aylarda İranda gedən kütləvi etirazlara da toxunub. Q.Marxuliya İran hakimiyyətinin həm daxili, həm də xarici siyasətinin olduqca səhv olduğunu və bunun nəticəsi olaraq ölkədə uzun müddətdir ki, aksiyaların davam etdiyini diqqətə çatdırıb.
Q.Marxuliya Ermənistan hakimiyyətinin də apardığı siyasətə diqqət çəkərək, qonşu ölkə hakimiyyətini diqqətli olmağa çağırıb: “Ümumiyyətlə Ermənistan hakimiyyəti öz addımlarına diqqət etməlidir. Belə davam edərsə, artıq Ermənistanın dövlət olaraq mövcudluğu sual altına düşəcək. Belə ki, məsələ Ermənistan dövlətinin mövcudluğunu davam etdirməsi və ya etdirməməsi olacaq. Əlbəttə, bu dövlət tarixi Gürcüstan və Azərbaycan torpaqlarının ərazisində yaranıb.”
Məlumat üçün onu da bildirək ki, Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların mandatlarına zidd olaraq Azərbaycan ərazisinə İran terror-təxribat qrupunun üzvlərinin keçidi təmin edilib. Belə ki, Azərbaycan mətbuatının yaydığı məlumata görə 14 nəfər İran İslam Respublikasının vətəndaşı noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadırlar.