Heydər Əliyevin xatirəsi Tbilisidə yad edilib – FOTO
Azərbaycan xalqının Ulu öndəri, ümummilli lider Heydər Əliyevin anım günü ölkəmizdə də qeyd edilib.
RealNews xəbər verir ki, ilk öncə dahi şəxsiyyətin paytaxt Tbilisidəki büstü və Rustavi şəhərindəki abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Daha sonra paytaxtda fəaliyyət göstərən Alyans Gənclər Mərkəzində ulu öndərin 19-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Tədbirə ümmilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Daha sonra çıxış edən səfir Faiq Quliyev Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq, onun Azərbaycan və Gürcüstan dövlətləri arasındakı əlaqələrin qurulmasında əvəzsiz xidmətlərinin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat Heydər Əliyevi bu gün bütün dünya Azərbaycanlılarının hörmət və ehtiramla andığını qeyd edib.
Tədbir zamanı məktəbli soydaşlarımız ulu öndərə həsr edilmiş şeirlər səsləndiriblər. Sonda Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirilib.