Qardabanidən Türkiyəyə 2 TIR yardım yola salınır – VİDEO

Türkiyədə zəlzələdən zərər çəkmişlərə dəstək məqsədilə toplanan yardımlar Qardabanidən 2 TIR tipli yük maşını ilə sabah yola düşəcək.

Fevralın 6-da Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədi ilə Gürcüstanın əksər bölgələrində olduğu kimi Qardabani rayonunda da yardımlar toplanılır və Türkiyəyə göndərilir.

Bu gün bu məqsədlə toplanan yardımlar Qardabanidəki Dostluq evindən yük maşınlarınlarına yüklənir və sabah Türkiyəyə yola salınacaq.

Göndəriləcək ləvazimatlar isə, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, ədyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar və digər zəruri əşyalardır.

Onu da bildirək ki, Qardabani rayonunda yardımların toplanması işində Gürcüstan Parlamentinin deputatı Savalan Mirzəyev, Meriyanın rəsmiləri, həmçinin Bələdiyyə üzvləri şəxsən iştirak ediblər. RealNews-a müsahibə verən Savalan Mirzəyev toplanan yardımların Türkiyəyə göndərilməsi ilə əlaqədar Türkiyənin Gürcüstandakı səfirliyi ilə əlaqə saxladığını və humanitar yardımın Qardabanidən Türkiyəyə birbaşa yola salınmasının qərara alındığını bildirib.

Məlumat üçün onu da bildirək ki, humanitar yardımlar davam etdirilir və Qardabani rayonunda həmçinin rayonun kəndlərində toplanacaq yardımların növbəti günlərdə Türkiyəyə salınması nəzərdə tutulub.