Parlament “xarici agentlər” haqqında qanunu geri götürüb – BƏYANAT
Hakim “Gürcü Arzusu” partiyası və “Xalqın Gücü” hərəkatı martın 7-də parlamentdə 1-ci oxunuşda qəbul edilmiş “xarici agentlər” haqqında qanunu geri çəkib.
Bu barədə “Gürcü Arzusu” partiyasının siyasi şurasının “Xalqın Gücü” ilə birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd edilib ki, “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi ətrafında cərəyan edən siyasi proseslərlə əlaqədar tərəflər arasında məsləhətləşmələr aparılıb.
“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə fikir ayrılıqlarına səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə ölkənin Avropa kursundan uzaqlaşması kimi qəbul edildi. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb edə bildilər. Zorakılığa təmkin və ən yüksək standartlarla reaksiya verən qəhrəman hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirik. Biz ölkəmizdə sülh, əmin-amanlıq və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsinə diqqətli olmalıyıq. Ona görə də həmvətənlərimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəlmişik”, – deyə bəyanatda bildirilib.