“Mamasaxlisi və digərləri Gürcüstan və Rusiyaya qarşı” işi üzrə qərar açıqlanıb
Avropa İnsan Haqları Məhkəməsi (AHİM) “Mamasaxlisi və digərləri Gürcüstan və Rusiyaya qarşı” işi üzrə qərarını açıqlayıb.
Belə ki, məhkəmə Rusiyanın üç maddəni pozması, Gürcüstan tərəfindən isə heç bir qanun pozuntusuna yol verilməməsi barədə qərar çıxarıb.
“Rusiya qanunsuz həbslərə, Abxaz səlahiyyətliləri tərəfindən iki nəfərin qanunsuz saxlanılmasına və onlara qarşı kobud rəftara görə məsuliyyət daşıyır”,- deyə məhkəmənin qərarında bildirilib.
Ərizəçilər Levan Mamasaxlisi və Qriqol Nanava 2001 və 2003-cü illərdə de-fakto Abxaziya hakimiyyəti tərəfindən qanunsuz saxlanılmaları, pis rəftara məruz qalmaları və qanunsuz həbs edilmələrinə görə 2004-cü ildə AHİM-də iddia qaldırıblar.
Məhkəmə Rusiyanın dəymiş mənəvi zərərə görə hər iki ərizəçiyə ayrı-ayrılıqda 35 000 avro, xərclərə görə isə 23 300 avro ödəməsi qərarını çıxarıb.
Məhkəmənin qərarında izah edilib ki, Rusiya sözügedən dövrdə hərbi, iqtisadi və siyasi dəstəyinə görə Abxaziya üzərində effektiv nəzarət həyata keçirib, buna görə də hər iki ərizəçiyə münasibətdə 3-cü maddənin pozulmasına görə məsuliyyət daşıyır.
Məhkəmənin qərarında qeyd edilib ki, Gürcüstan hökuməti Mamasaxlisi və Nanavanın konvensiya ilə müəyyən edilmiş hüquqlarının qorunması üçün öz gücü çərçivəsində hər şeyi edib, lakin de-fakto Abxaziya rəsmilərinin əməkdaşlıqdan davamlı imtinası ilə üzləşib.