Marneulidə yerli sakinlərlə görüş keçirilib – FOTO
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əməkdaşları Gürcüstana səfər çərçivəsində Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yerli sakinlərlə görüşüblər.
Azərbaycan Evində keçirilən görüşdə Mərkəzin İcraçı direktoru Orxan Pirverdiyev Komitənin dəstəyi ilə reallaşdırılan layihələr və görülən digər işlər barədə danışıb.
Eyni zamanda, Azərbaycan hökumətinin dəstəyi və komitənin vasitəçiliyi ilə Marneulidə fiziki məhdudiyyətli 15 nəfərə əlil arabaları təqdim olunub. Bu arabaları alan azərbaycanlı və gürcü əlillər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və komitə rəhbərliyinə minnətdarlıq ediblər.
ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev Azərbaycan Evi və GAİM-in fəaliyyət göstərdiyi bu binanın Azərbaycan hökuməti tərəfindən inşa edilərək Gürcüstan Azərbaycanlılarına hədiyyə olunduğunu diqqətə çatdırıb.
Ə.Abdullayev Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin öyrənilməsinin, təbliğinin vacibliyini qeyd edərək, mərkəzdə saza, sözə bağlı gənc aşıqların yetişməsini məqsədəuyğun hesab edib.
DİDK-nın şöbə müdirinin müavini-sektor müdiri Şəfəq Binnətova isə bildirib ki, Komitə hər zaman soydaşlarımızın yanındadır və bundan sonra da yeni layihələrə dəstək verəcək.
Görüşdə təşkilati məsələlərə də baxılıb, O.Pirverdiyev öz ərizəsinə əsasən GAİM-in icraçı direktoru vəzifəsindən azad edilib. Onun yerinə fəal gənc Murad Muradov təyin olunub.