Gürcüstanın təhsil və elm naziri Qaxda STEAM Mərkəzinin açılışında iştirak edib
Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli, Azərbaycanlı həmkarı Emin Əmrullayevlə birgə Qax şəhəri N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.
Açılışdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Daha sonra qonaqlar məktəb-liseydə yaradılmış şəraitlə tanış olublar. Emin Əmrullayev və Mixeil Çxenkeli təhsil müəssisəsində Azərbaycan və gürcü bölmələrində tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət ediblər. Bildirilib ki, məktəb-liseydə 53 sinif komplekti (32 Azərbaycan, 11 rus və 10 gürcü) var. Təhsil müəssisəsində məktəbəhazırlıq qrupları ilə birgə, ümumilikdə 946 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 157 müəllim məşğul olur.
Qonaqlar məktəb-liseydə fəaliyyətə başlayan STEAM Mərkəzi ilə də tanış olublar. Qeyd edilib ki, sözügedən təhsil müəssisəsində artıq 3 ildir STEAM tədris olunur. STEAM üzrə 7 kabinet mövcuddur. İnnovativ texnologiyalarla tam təmin olunan Mərkəzdə bütün yaş qruplarının istifadəsi üçün “Robot dron”, aşağı sinif şagirdləri üçün “Loqo system” zonaları, CNC və 3D çap mexatronika, dron istiqamətləri üzrə sahələr yaradılıb.
Sonra elm və təhsil naziri Emin Əmrullayev gürcü həmkarı ilə birgə gürcülərin yaşadığı Əlibəyli kəndinə yollanıb. Nazirlər Əlibəyli kəndində gürcüdilli tam orta məktəbi ziyarət edib, məktəbdə yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, sözügedən təhsil müəssisəsi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yenidən inşa olunub və 2019-cu ildə istifadəyə verilib. Müasir standartlara uyğun inşa edilən 216 şagird yerlik məktəb binasında sinif otaqları ilə yanaşı, 11 fənn kabineti, 2 laboratoriya, 2 texnologiya kabineti, kompüter və hərbi hazırlıq otaqları, həmçinin yeməkxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Məktəbdə 158 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 30 müəllim məşğul olur.
Daha sonra şagirdlərin ifasında Azərbaycan və Gürcüstanın milli rəqsləri nümayiş etdirilib, musiqi nömrələri səsləndirilib.