Kleverli: Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dəstəkləyirik
Gürcüstana səfəri zamanı Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverli rəsmi Tbilisini media azadlığına, vətəndaş cəmiyyətinin inkişafına və ədliyyə müstəqilliyinə sadiqliyini gücləndirməyə çağırıb.
Ceyms Kleverli Birləşmiş Krallıqla Gürcüstan arasında əlaqələrin hərbi əməkdaşlıq, kibertəhlükəsizlik, dezinformasiyaya qarşı mübarizə sahələri ilə yanaşı, digər sahələri də əhatə etdiyini vurğulayıb.
Kleverli ölkəsinin Gürcüstanın Rusiya müdaxiləsinə qarşı dözümlülüyünün gücləndirilməsinə və Avro-Atlantik inteqrasiyasına dəstəyini davam etdirəcəyini qeyd edib:
“Ukraynada olduğu kimi, Gürcüstan xalqının xarici müdaxilədən kənar şəkildə öz gələcəyini müəyyən etmə kimi suveren hüquqlarına hörmət edilməli və bu hüquqlar qorunmalıdır. Ona görə də biz sizinlə Rusiya müdaxiləsinə qarşı dözümlülüyün gücləndirilməsi istiqamətində işləyirik və ona görə də biz sizin Avro-Atlantik inteqrasiyanızı dəstəkləyirik. Güclü və vahid NATO Avropada və ondan kənarda bizim təhlükəsizliyimiz üçün həyati önəm daşıyır”, – Kleverli bildirib.