Azərbaycana yaşı 10 ildən çox olan minik avtomobilləri buraxılmayacaq
Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar qəbul edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.
Onu da bildirək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı isə 80%-dən çoxdur.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.