Tbilisidə görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunub – FOTO
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstanın ali məktəblərində təhsil alan tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
L.Əliyeva Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə məruzə edib, alimin tibb elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib. Onun əhatəli elmi fəaliyyəti dünya oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verib.
Səfir Faiq Quliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Gürcüstanda keçirilməsi nəzərdə tutulan tədbirlər proqramı ilə bağlı məlumat verib. Bildirib ki, Ümummilli Liderin yubileyinin Gürcüstanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Ulu Öndərin təşəbbüsü ilə reallaşan regional layihələrin məhz Gürcüstandan keçməsi də soydaşlarımızın sosial rifah halının yaxşılaşmasına, onların inteqrasiyasına xidmət edir. Gürcüstan hökuməti və gürcü xalqı, eləcə də soydaşlarımız Ümummilli Liderin bu xidmətlərini heç vaxt unutmur və onun xatirəsini hər zaman hörmətlə anırlar.
Diplomat deyib ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileyinin Tbilisidə qeyd olunması təsadüfi deyil. Zərifə Əliyeva təkcə azərbaycanlı deyil, gürcü oftalmoloq həkimlərin yetişməsində də mühüm rol oynayıb. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri Gürcüstanda da yüksək qiymətləndirilir. Onun tədqiqatlarında irəli sürülən yeni effektiv müalicə metodları, kompleks profilaktik tədbirlər Gürcüstanda da müvəffəqiyyətlə tətbiq olunub.
F.Quliyev deyib ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətimizin başçısının tapşırığına əsasən Gürcüstanda yaşayan soydaşlarımız üçün mühüm sosial layihələr reallaşdırılır. Son bir neçə il ərzində Azərbaycan hökuməti Gürcüstandakı sosial layihələrə 70 milyon dollardan çox vəsait xərcləyib. Bu siyasət bundan sonra daha təkmil formada davam etdiriləcək.
Azərbaycan Milli Məclis sədrinin müavini Adil Əliyev çıxışında qeyd edib ki, həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu davam etdirən Zərifə Əliyeva Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
O, qeyd edib ki, elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub.
A.Əliyev, həmçinin bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi, güclü iqtisadiyyata, orduya malik olan müasir müstəqil Azərbaycan indi söz sahibidir və dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanır.
Sonda səfir F.Quliyev və A.Əliyev tələbələri maraqlandıran sualları cavablandırıblar.