Bu gün 10 bələdiyyədə aralıq və növbədənkənar seçkilər keçirilir
Aprelin 29-da Gürcüstan parlamentinə və bələdiyyə şuralarına arlıq seçkilər və növbədənkənar mer seçkiləri keçirilir.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasında brifinq keçirilib.
MSK-nın sözçüsü Natia İoselianın sözlərinə görə bu, seçki administrasiyasının elektron texnologiyalardan geniş miqyasda istifadə edəcəyi ilk seçkidir.
“Ona görə də demək olar ki, bu, Gürcüstan seçkiləri tarixində ən mühüm mərhələdir. Seçki administrasiyası aprelin 29-da keçiriləcək seçkiləri qanunvericiliyə tam uyğun, şəffaf və yüksək peşəkar səviyyədə keçirməyə hazırdır. İnanırıq ki, bütün iştirakçı tərəflər seçki prosesinin uğurla keçirilməsinə töhfə verə bilərlər. Ona görə də biz ilk növbədə seçiciləri fəal olmağa, seçkilərə gəlməyə, seçim etməyə və elektron seçki texnologiyalarının necə işlədiyini görməyə çağırırıq. Biz həmçinin əlaqədar tərəflərə – siyasi partiyalara, yerli qeyri-hökumət və beynəlxalq təşkilatlara, KİV-lərə müraciət edərək, ölkənin bu mühüm demokratikləşmə prosesində iştirak etməyə, seçkiləri müşahidə etməyə və elektron seçkilərin keçirilməsində bizə qoşulmağa çağırırıq. Seçki islahatının uğurla həyata keçirilməsi seçkilərdə iştirak edən bütün partiyaların üzərinə düşür. Biz birlikdə seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün elektron texnologiyalardan istifadəni təşviq etməliyik, çünki seçkilər ümumi işdir.” – deyə MSK-nın sözçüsü Natia İoseliani qeyd edib.
Onu da bildirək ki, bu gün 10 bələdiyyədə aralıq və növbədənkənar seçkilər keçirilir. Ümumilikdə 165 seçki məntəqəsində səsvermə prosesi davam edir.
Məlumata görə, 117 seçki məntəqəsində səsvermə seçicilərin yoxlanılması, səsvermə və hesablama aparatlarından istifadə edilməklə keçirilir və burada ümumi seçicilərin 91 faizi iştirak edəcəyi nəzərdə tutulur.