Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tbilisidəki nəbatət bağında xatirə nar bağı salınıb – VİDEO

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tbilisidəki nəbatət bağında xatirə nar bağı salınıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR Georgia şirkətinin təşəbbüsü ilə həyata keçirilmiş aksiyanın iştirakçıları əvvəlcə Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin digər əməkdaşları, Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze, dövlət rəsmiləri Türkiyənin, Vatikanın və Macarıstanın Gürcüstandakı səfirləri,  eləcə də digər ictimai-siyasi və din xadimləri, azərbaycanlı iş adamları  nəbatat bağına gedərək Heydər Əliyev adına xatirə bağının salınmasında iştirak ediblər.

Nar bağında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının Tbilisi Botanika Bağına hədiyyə etdiyi 100 ədəd nar ağacı əkilib. Nar ağaclarının Azərbaycanın Göyçay rayonundan göndərildiyi qeyd olunub.

Məlumat üçün onu da bildirək ki, xatirə bağının girişində narın Azərbaycan üçün iqtisadi əhəmiyyəti, Azərbaycan mədəniyyətində, kulinariyasında, simvolikasında tutduğu yer, həmçinin Azərbaycanda keçirilən nar festivalları barədə məlumatverici lövhə quraşdırılıb.