Prezident Rusiyanın qərarı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıb

Prezident Salome Zurabişvili Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək və birbaşa uçuşları bərpa etmək qərarı ilə əlaqədar hökuməti Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıb.

Prezident Salome Zurabişvili hökumətə çağırışını keçirdiyi xüsusi brifinqdə səsləndirib. O, Təhlükəsizlik Şurasının Rusiya vətəndaşlarına üç ay müddətinə viza rejiminin tətbiq edilməsi qərarını müzakirə etməli olduğunu, bunun daxili çağırışlarla əlaqədar zəruri olduğunu qeyd edib.

Zurabişvili ölkəyə daxil olan və burada qalan Rusiya vətəndaşlarına dövlət tərəfindən daha çox nəzarət edilməli olduğunu vurğulayıb. Dövlət başçısı Rusiyanın bu qərarının öz maraqları çərçivəsində qəbul edildiyini və hazırkı şəraitdə zamansız və təxribat xarakterli olduğunu təkrarlayıb.

Əlavə edib ki, bu Rusiyanın ötən gün Aİ tərəfindən qəbul edilmiş 11-ci sanksiyalar paketinə cavabı da ola bilər.