Hökumət iyula qədər İsveçin NATO-ya üzv olacağına ümid edir
İsveç hökuməti iyul ayına qədər ölkənin NATO-ya üzv olacağına ümid edir.
Bu barədə İsveçin müdafiə naziri Pal Yonson (Pål Henning Jonson) Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin qeyd etdiyi kimi, İsveç hökumətinin ən yüksək prioriteti NATO-ya mümkün qədər tez tamhüquqlu üzv olmaqdır.
Yonson qeyd edib ki, 11-12 iyul tarixlərində Alyansın Vilnüsdə sammiti keçiriləcək və İsveç bu tarixə qədər NATO-nun tamhüquqlu üzvü olmağa ümid edir.
Xatırladaq ki, İsveç və Finlandiya ötən ilin may ayında NATO Alyansına qoşulmaq üçün müraciət ediblər, lakin Türkiyə bu ölkələrdən kürd təşkilatlarını terrorçu elan etmələrini, terrorizmdə və ya 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək üzvlük prosesini ləngidib.