Havanın hərarəti 47 dərəcəyə yüksələ bilər
İtaliya ərazisində müşahidə olunan anomal istilərlə əlaqədar 16 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib.
RealNews “BBC”yə istinadən xəbər verir ki, İspaniyanın cənubunda, İtaliyanın cənub-şərqində və ola bilsin ki, Yunanıstanda temperaturun 47 dərəcəyə yüksələcəyi gözlənilir.
İtaliya hökuməti “qırmızı” xəbərdarlıq siqnalının verildiyi ərazilərdəki hər kəsə səhər 11:00-dan axşam 18:00-a qədər birbaşa günəş işığından uzaq durmağı, yaşlılara və ya həssas insanlara xüsusi qayğı göstərməyi tövsiyə edib.
Yunanıstanda termometrlər artıq 40 dərəcədən çox göstərir. Ölkənin ən məşhur turistik məkanı olan Afinadakı Akropol ən isti saatlarda turistlər üçün qadağan edilib.
Mütəxəssislər bildiriblər ki, Avropada isti dalğalarının səbəbi şübhəsiz ki, iqlim dəyişikliyidir. Ümumdünya Meteorologiya Təşkilatı ekstremal temperaturların ilin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib. Bunun ehtimalı 90% -dir.
Avropa ölkələrinin hakimiyyət orqanları əhalini küçəyə çıxarkən ehtiyat tədbirləri görməyə və zəruri olmadıqda səyahət etməməyə çağırıb.