Gürcüstanlı gənclər Naxçıvanda 53 ölkədən Azərbaycanlı gənclərin iştirakı ilə keçirilən düşərgədə – FOTO
“Heydər Əliyev İli” çərçivəsində qədim Azərbaycan torpağı olan Naxçıvanda “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”nin rəsmi açılış mərasimi keçirilib.
Qeyd edək ki, avqustun 18-dək davam edəcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşdirilir. Düşərgənin tərəfdaşı Heydər Əliyev Fondu, təşkilati dəstək Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyinə məxsusdur.
Düşərgədə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri, ümumilikdə 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edir. Onlar arasında Gürcüstandan qatılan Rezo Həsənov, Səma Həsənova, Rüstəm İsmayılov, Elina Qurbanova və Şamil Şamilov da var.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.
Düşərgənin proqramına Naxçıvanın tarixi və mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.