Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib
“Heydər Əliyev İli” çərçivəsində qədim Azərbaycan torpağı olan Naxçıvanda “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”nin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan torpaqlarının azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Heydər Əliyev və diaspor quruculuğu” mövzusunda komitənin hazırladığı sənədli film və əvvəlki Yay düşərgələrinin iştirakçılarının salamlama videosu təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında IV Yay Düşərgəsinin iştirakçılarını ümummilli lider Heydər Əliyevin dünyaya gəldiyi Naxçıvan şəhərində salamlamaqdan məmnun olduğunu bildirib, düşərgənin işinə uğurlar arzulayıb. Ulu öndərin Naxçıvanla bağlı fəaliyyəti barədə geniş məlumat verən F.Nəcəfli onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda aparılan tikinti-quruculuq işləri və inkişaf perspektivləri barədə məlumat verib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov düşərgənin təşkilində göstərdikləri köməyə görə Heydər Əliyev Fonduna və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə çağırıb. Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyeva xarici ölkələrdə Azərbaycan məktəblərinin fəaliyyətini xüsusi diqqət mərkəzində saxlayır. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Diaspor Gənclərinin IV Yay Düşərgəsinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu və “Heydər Əliyev İli” çərçivəsində təşkil edildiyini vurğulayan Komitə sədri bildirib ki, ümummilli liderin Azərbaycan tarixində, Naxçıvanın isə ümummilli liderin həyatında rolu misilsiz və ölçüyəgəlməzdir.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Qeyd edək ki, avqustun 18-dək davam edəcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşdirilir. Düşərgənin tərəfdaşı Heydər Əliyev Fondu, təşkilati dəstək Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyinə məxsusdur.